
Marketoloq Omaq Üçün Ən Yaxşı Universitetlər Hansıdır? University of Pennsylvania (Wharton School). Northwestern University (Kellogg School of Management). London Business School (LBS). INSEAD. Columbia Business School. University of Bath.
Marketoloq Omaq Üçün Ən Yaxşı Universitetlər Hansıdır?
Marketinq sahəsi uzun illər sadəcə reklam, promosyon, satış texnikaları ilə assosiasiya olunurdu. Amma artıq bu yanaşma çoxdan geridə qalıb. 2025-ci ildə marketinq, həm texnologiya, həm psixologiya, həm analitik düşüncə, həm də kreativliyin bir araya gəldiyi çoxşaxəli və dəyişkən bir sahədir. Bugünkü marketoloq həm data oxumağı, həm insan davranışlarını analiz etməyi, həm də yaradıcı mesajlarla insanlara təsir etməyi bacarmalıdır. Və bütün bunları edərkən texnologiyadan düzgün istifadə etməlidir.
Sektor olaraq marketinq hazırda ən çox tələbat olan ixtisas sahələri arasındadır. Əsasən də rəqəmsal marketinq, SEO, marketinq analitikası, istifadəçi təcrübəsi (UX), kontent strateqiyası və brend idarəçiliyi üzrə kadr çatışmazlığı mövcuddur. Yəni bu sahədə yalnız iş tapmaq asan deyil, həm də yaxşı maaşlı, kreativ və fərqli sahələrə keçid imkanlı karyera qurmaq mümkündür.
Amma bu sahəyə girəndə bilməlisən ki, sadəcə “yaradıcıyam” deməklə yetinmək olmur. Marketinq müasir dünyada rəqəmlərlə düşünməyi, trendləri izləməyi, insan psixologiyasını anlamağı, texnologiya ilə ayaqlaşmağı, həm də heç vaxt dayanıb qalmağı bacarmayan bir düşüncə tələb edir.
Bu yolda sənə güclü bir universitet çox şey qazandıra bilər. Söhbət təkcə diplomdan getmir. Dərslərin necə keçməsi, hansı modullarla işləməyin, hansı insanlarla tanış olacağın və hansı real şirkətlərlə təcrübə qazanacağın — hamısı karyerana böyük təsir edir. Elə buna görə də, əgər marketinq sahəsində oxumaq istəyirsənsə, aşağıdakı universitetlərə nəzər salmadan qərar vermə.

1.University of Pennsylvania (Wharton School)
Yer: ABŞ
QS və Financial Times reytinqlərində 2025-ci ildə Marketinq üzrə 1-ci yer
Wharton sadəcə “dünyaca məşhur” bir məktəb deyil, marketinq təhsili sahəsində bir növ laboratoriyadır. Burada marketinqə çox ciddi, analitik və nəticəyönümlü yanaşılır. Əgər sən bu sahədə strategiyanı anlayan, qərarları dataya əsaslanaraq verə bilən və yeni texnologiyaları bacarıqla tətbiq edən biri olmaq istəyirsənsə, Wharton sənlikdir.
Burada dərslər yalnız sinifdə deyil, real şirkətlərlə birgə “field project” formatında aparılır. İstər süni intellektlə istifadəçi davranışlarının proqnozlaşdırılması, istərsə də brend strategiyalarının data ilə qurulması — hər modul sənin düşüncə qabiliyyətini bir az daha dərinləşdirir. Wharton-un məzunları Amazon, Google, Unilever kimi brendlərdə yüksək vəzifələrdə çalışırlar və bu məktəbin alumni şəbəkəsi 300.000 nəfəri keçib.
Daha da əhəmiyyətlisi, burada təhsilin yönünü sən özün müəyyən edirsən — 100-dən çox seçmə dərslə sən marketinqi öz maraq dairənə uyğun qura bilirsən.
Əlavə olaraq, bu məktəbdən məzun olmuş tanınmış şəxslərdən biri Neil Blumenthal-dır – Warby Parker-in həmtəsisçisi. O, brendin qurulması və birbaşa istehlakçıya satışı sahəsində qabaqcıl marketinq strategiyaları ilə tanınır. Digər bir məzun olan Anil Dash isə texnologiya və media sahəsində nüfuzlu fiqurdur və innovativ marketinq yanaşmalarına görə sektorda seçilən adlardan biridir. Bu iki nümunə Wharton-un marketinq liderləri yetişdirməkdəki gücünü açıq şəkildə göstərir.

2.Northwestern University (Kellogg School of Management)
Yer: ABŞ
Strateji marketinq və liderlik bacarıqları
Kellogg marketinqi təkcə reklam və satış kimi deyil, marka dəyərləri və insan yönümlü qərarlarla ölçür. Əgər sən “insanlar niyə alır?”, “niyə etibar edir?” suallarına cavab tapmaq istəyirsənsə, bu məktəb sənə lazım olan düşüncə sistemini öyrədir.
Burada dərslər simulyasiyalar, “case study” metodu və real şirkətlərə yazılmış strateji layihələrlə keçirilir. 2025-ci ildən etibarən məktəb süni intellekt və nevromarketinq üzrə yeni proqramlar tətbiq edir ki, bu da marketinq psixologiyasını elmi əsaslarla başa düşməyə kömək edir.
Kellogg-un üstünlüyü həm də insan resurslarının inkişafına verdiyi əhəmiyyətlə bağlıdır. Burada sən təkcə bilikli deyil, lider ruhlu və empatiya sahibi bir marketoloq kimi yetişirsən.
Kellogg-un məzunları arasında olan Jim Stengel kimi nüfuzlu adlarda da görmək mümkündür. O, Procter & Gamble şirkətinin keçmiş baş marketinq direktoru (CMO) olmaqla yanaşı, marketinq strategiyası və brend dəyərləri sahəsində beynəlxalq miqyasda tanınmış mütəxəssis və müəllifdir.

3.London Business School (LBS)
Yer: Böyük Britaniya
Rəqəmsal marketinq və qlobal bazar strategiyaları
LBS sənə dünyanın mərkəzində — London kimi bir şəhərdə — təhsil alma imkanı verir. Avropanın maliyyə, texnologiya və media mərkəzində yerləşməsi buranı fərqləndirir. Burada sən təhsili real bazarın ritmində alırsan.
LBS-in marketinq proqramı brendlərin qlobal miqyasda necə qurulduğunu, bazarların necə tənzimləndiyini və rəqəmsal alətlər vasitəsilə hədəf auditoriyalarla necə əlaqə qurulduğunu öyrədir. Spotify, Meta, L’Oréal kimi şirkətlərlə universitetin canlı əməkdaşlıqları var və tələbələr bu şirkətlərin real problemlərini analiz edərək təkliflər hazırlayırlar.
Dünyanın 140-dan çox ölkəsindən tələbələr olduğu üçün LBS həm də çoxkulturlu düşüncə formalaşdırmaq üçün ideal məkandır.
Bu məktəbin məzunları arasında Martin Glenn kimi tanınmış adlar da var. O, PepsiCo UK & Ireland-ın keçmiş CEO-su olmaqla yanaşı, marketinq sahəsində liderlik və strateji brend yönümlü yanaşmaları ilə tanınır. Onun təcrübəsi LBS-in praktik və qlobal yönümlü təhsil modelinin uğurlu nəticələrindən biridir.

4.INSEAD
Yer: Fransa, Sinqapur, BƏƏ
Qlobal marketinq və çoxkulturlu liderlik
INSEAD fərqlidir. Təsəvvür et, bir il ərzində üç qitədə oxumaq imkanı, 90-dan çox millətdən olan tələbələrlə sinif paylaşmaq və marketinqi həm Avropa, həm Asiya, həm də Orta Şərq mühitində öyrənmək.
Bu məktəbin ən böyük gücü qlobal şəbəkə və sürətli nəticədir. INSEAD-ın marketinq dərsləri fərqli bazarları müqayisəli şəkildə öyrədir. Sən həm lokal brendlərin necə mövqeləndiyini, həm də beynəlxalq kampaniyaların niyə uğurlu olduğunu praktik nümunələrlə öyrənirsən.
2025-ci ildən etibarən bu məktəbdə “Etik marketinq və süni intellekt” adlı yeni modul tətbiq olunub ki, bu da müasir dövrün əsas çağırışlarına cavab verir.
INSEAD-ın güclü təhsil sisteminin real nəticəsini onun məzunlarının karyeralarında görmək mümkündür. Məsələn, Antoine de Saint-Affrique — Danone şirkətinin hazırkı CEO-su — FMCG sektorunda marketinq və brend menecment sahəsində zəngin təcrübəyə malikdir. Digər bir tanınmış məzun olan Natalie Rastoin isə Ogilvy Paris-in keçmiş CEO-su olmaqla, Fransa və beynəlxalq reklam/marketinq sektorunda böyük nüfuza sahibdir. Bu iki nümunə INSEAD-ın necə güclü və təsirli bir marketinq məktəbi olduğunu göstərir.

5.Columbia Business School
Yer: ABŞ (New York)
İxtisaslaşma: Texnologiya əsaslı marketinq və data yönümlü qərarvermə
Columbia, New York şəhərinin tam mərkəzində yerləşən bir məktəb olaraq, sənə marketinqin texnoloji tərəfini ən dinamik mühitdə öyrənmək imkanı yaradır. Columbia-da marketinq dərsləri süni intellekt, sosial media analitikası, “consumer prediction” kimi müasir modullarla gücləndirilib.
Bu məktəbin üstünlüklərindən biri də onun şəhərdəki lokasiyasıdır. Netflix, IBM, Meta, Bloomberg kimi şirkətlərlə sıx əməkdaşlıq var və tələbələr bu şirkətlərlə həm layihələr aparır, həm də təcrübə keçir.
Columbia həm də çox praktik yönlüdür – burada sən təkcə nəzəriyyəni öyrənmirsən, onu dərhal tətbiq etmə fürsəti də qazanırsan.
Bu yanaşmanın uğurlu nəticələrini onun məzunları arasında görmək mümkündür. Donny Deutsch, reklam dünyasında tanınmış simalardan biridir və “Deutsch Inc.” reklam agentliyinin keçmiş CEO-su olaraq kreativ marketinq yanaşmaları ilə seçilir. Digər bir məzun olan Beth Comstock isə General Electric şirkətinin keçmiş marketinq üzrə vitse-prezidentidir (CMO) və innovasiya ilə marketinqi birləşdirən lider kimi tanınır. Onların uğurları Columbia-nın texnologiya yönümlü və çevik təhsil modelini əks etdirir.

6.University of Bath
Yer: Böyük Britaniya, Bath
İxtisaslaşma: Marketinq və idarəetmə sahəsində nəzəri və praktiki biliklərin inteqrasiyası
University of Bath-un “Management with Marketing” bakalavr proqramı tələbələrə həm akademik bilik, həm də real iş təcrübəsi qazandırmaq üçün xüsusi şəkildə hazırlanıb. Proqramın ən önəmli cəhətlərindən biri tələbələrin üçüncü kursda məcburi olaraq 1 il müddətində real şirkətdə işləməsi (placement year) imkanıdır. Bu, tələbələrə dərsdə öyrəndiklərini praktikada sınamaq və iş dünyasının tələblərinə uyğunlaşmaq fürsəti verir.
Beləliklə, tələbələr müxtəlif sahələrdə real layihələr üzərində işləyərək, həm biliklərini möhkəmləndirir, həm də gələcək karyeralarında rəqabət üstünlüyü əldə edirlər. University of Bath bu proqramla gəncləri həm nəzəri, həm də praktik bacarıqlarla tam hazır şəkildə peşə həyatına göndərir.
Bu təhsil modeli məzunların marketinq və əlaqəli sahələrdə tanınan ekspertlər kimi formalaşmasına zəmin yaradır:
Ash Atalla
– Tanınmış prodüser və yaradıcı, “The Office” və “The IT Crowd” kimi komediya seriyalarının arxasında duran əsas simalardan biridir.
– Media və brend quruculuğunda innovativ yanaşmaları ilə tanınır, marketinq sahəsinə fərqli bir perspektiv gətirir.
Neil Fox
– Radio və televiziya sahəsində tanınmış sima, “Capital FM” və “Magic” kimi məşhur radiolarda aparıcılıq edib.
– Kütləvi kommunikasiya vasitələri ilə auditoriya ilə effektiv əlaqə yaratmaq və özünü düzgün tanıtmaq baxımından marketinq dünyasında xüsusi önəmə malikdir.
Michael Eavis
– Dünyaca məşhur Glastonbury Musiqi Festivalının qurucusu və təşkilatçısı.
– Bu festivalın uğurla inkişaf etdirilməsi və beynəlxalq brendə çevrilməsində strateji marketinq, PR və sponsorluq sahəsində böyük təcrübə sahibidir.
Bu şəxslər University of Bath-un marketinq və idarəetmə sahəsində verdiyi güclü təhsil və real iş təcrübəsinin uğurlu nümunələridir.
Azərbaycanda isə marketinq təhsili üzrə universitetlərin populyarlıq sıralaması belədir:
- ADA Universiteti
- Bakı Ali Neft Məktəbi (BANM)
- Bakı Dövlət Universiteti (BDU)
Bu məlumat 2025-ci ilin “Edurank” təhsil platformasının araşdırmasından götürülüb və yerli tələbələr arasında ən çox seçilən və etibar edilən təhsil müəssisələrini əks etdirir.
Əgər marketinqi sadəcə bir “yaradıcılıq sahəsi” kimi görürsənsə, düşüncəni bir az genişləndir. Bu sahə həm də strateji analiz, texnologiya ilə işləmək, insanları anlamaq, dəyişən bazarlara tez adaptasiya olmaq, və ən əsası, dayanmadan öyrənmək tələb edir. Bu yolda düzgün universitet seçimi sənə əlavə güc verəcək, amma yolda irəliləmək səndən asılı olacaq.
Contributors
Subscribe to our newsletter
Sharing means caring
Rate the article
Keep on reading
Stay in the loop
Be the first to know when we release a new article